Ermənistan kilsəsi  Rusiyanın “5-ci kolon”udur - Tahir Cəfərli

14:09 11.05.2024 Müəllif:Sultan Laçın
Yazını böyüt
Yazını kiçilt

Siyasi analitik Tahir Cəfərli ilə hafta.az üçün budəfəki söhbətimizdə ölkə başçısı İlham Əliyevin Almaniyaya son səfərinin Azərbaycan üçün faydaları, Ermənistanda Qazax rayonunun məlum kəndlərinin Azərbaycana qaytarılması prosesi ilə bağlı son gərginlik, Rusiya sülhməramlı kontingentinin Azərbaycanın Yuxarı Qarabağ ərazisindən çıxarılmasına qərar verilməsinin əsas səbəbləri, Zəngəzur yolu ilə bağlı 4 ilə yaxındır davam edən proseslərin sonu, Ermənistandakı son baş verənlərdə erməni kilsəsinin rolu və s. mövzulardan bəhs etdik.

–   Ermənistanda Qazax rayonunun məlum 4 kəndinin Azərbaycana qaytarılması prosesi ilə bağlı son gərginliyi necə dəyərləndirirsiniz?

–   Ermənistanda son günlər meydana çıxan bütün bu gərginlik hər şeydən əvvəl, ermənilərin hələ indiyədək məğlub olmalarını anlamamaları ilə bağlıdır. Bütün hallarda bu  kəndlər  boşaldılıb Azərbaycana qaytarılmalıdır. Maraqlısı budur ki, həmin kəndlərin qaytarılması məsələsi 10 noyabr 2020-ci il tarixli üçtərəfli razılaşmada öz əksini tapmayıb...

Rusiyanın  xarici işlər naziri Sergey Lavrov Ermənistandan olan həmkarı Armen Miroyanla görüşəndə bunu vurğulamışdı. Bu, qurbağa gölünə daş atmaq demək idi. Fikir versəniz, görərdiniz ki, ermənilər məhz bundan sonra atılıb-düşməyə başladılar. Prezident İlham Əliyevin Moskva səfərindən sonra Qazağın Azərbaycana qaytarılmalı kəndləri ilə bağlı gərginlik yaradanlara qarşı Ermənistan polisi ciddi tədbirlər görməyə başladı...

Nikol Paşinyan da çox yaxşı bilir ki, Azərbaycanla sülh müqaviləsi bağlamasa, Ermənistan dağılacaq. Odur ki, əlindən gələni edir  ki, sülhə nail olsun. Cənubi Qafqazda  sülhün olması Rusiyanın da, İranın da maraq dairəsindədir...

–   Qazaxın kəndləri ətrafında yaradılan bu gərginlik, əsasən, hansı xarici güc tərəfindən körüklənir?

–   Bu gərginliyə rəvac verən Fransanın xüsusi idarələridir. Elə düşünürlər ki, Ermənistan Azərbaycana qarşı müharibə etsə, Fransa öz qoşunlarını  Qafqaza soxacaq. Anlamırlar ki, yenicə formalaşan tranzit yollarının işləməsində təkcə Rusiya, İran, Türkiyə deyil, bütün dünyanın marağı var. Odur ki, Paşinyan geri çəkilir. ABŞ-nin Dövlət katibi Entoni Blinken də bu tranzitin işləməsinin tərəfdarıdır. Bilirsiniz, niyə? Bu tranzit də ABŞ büdcəsinə külli miqdarda pul gətirə bilər...

–   Ukraynada və Gürcüstanda 9 May qələbə gününə qədər ciddi revanş götürməyə çalışan Rusiya Paşinyanı devirmək üçün Qazağın kəndləri ilə bağlı ikibaşlı oyun oynaya bilərmi? Yəni, həm Azərbaycan kəndlərinin qaytarılmasını alqışlayıb, həm də bundan yararlanaraq hər iki tərəfdəki “5-ci kolon”u və agenturası vasitəsilə gərginliyin pik həddə çatdırılmasına çalışa bilərmi?

–   Hesab edirəm, bütün bu oyunlara Prezident İlham Əliyevin Moskva səfəri son qoydu.  Paşinyanın yıxılması isə heç Rusiyanın da xeyrinə deyil.  Ona görə ki, Paşınyan, dərinə getsək, elə Rusiyanın dediklərini edir. Həm də Qərbin hakimiyyətə gətirdiyi fərd olduğundan onu yıxmaq heç də asan məsələ deyil...

Rusiyaya Türkiyə və İranla tranzit yollarının işləməsi isə vacibdir. Bunu elə Paşınyan həyata keçirəcək. Onun dediklərinə yox, əməllərinə fikir verin. Elə dörd kəndin qaytarılması da yeni tranzitin işləməsi ilə bağlıdır...

–   Doğrudanmı, Ermənistandakı son gərginlik, bəzi şərhçilərin qeyd etdiyi kimi, Paşinyanın devrilməsi ilə nəticələnə bilər?

–   Şərhçilərın fikirlərinin çoxunun iqtisadi əsası yoxdur, ona görə dedikləri düz çıxmır. Paşinyanın yıxılması isə ağıla gələsi deyil. Dərinə getsək, elə Azərbaycan onu qorumalıdır. Rusiyanın  planında da onun yıxılması yoxdur. Paşinyan yıxılsa, Cənubi Qafqazda müharibə başlayar. Odur ki, bu nə Rusiyanın, nə də İranın marağında deyil...

–   Sizcə, Ermənistanın revanşist və irqçi dairələri tərəfindən qızışdırılan bir qrup erməni əhalinin etirazlarına rəğmən Paşinyan hökuməti Qazaxın 4 kəndinin Azərbaycana qaytarılması prosesini uğurla başa çatdıra biləcəkmi?

–   Biz başa düşməliyik ki,10 Noyabr 2020-ci ildə biz Ermənistana yalnız Qarabağda qalıb gəlməmişik. Eyni zamanda, Ermənistan Azərbaycana təslim olaraq sözügedən tarixdə Azərbaycan, Ermənistan və Rusiya arasında imzalanmış üçtərəfli bəyanat-razılaşmaya qol çəkib. Həmin sənədə əsasən Ermənistan Azərbaycan Respublikasına məxsus, yəni 1990-1994-cü illər ərzində Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal edilmiş bütün əraziləri azad etməlidir...

 Onu da deyək ki, Qazax rayonunun işğal altındakı 4 kəndinin  azad edilməsi də 1991-ci ildə keçmiş sovet respublikaları arasında imzalanmış Alma-Atı deklorasiyasından irəli gəlir. Ermənistan buna əməl etməlidir ki, Azərbaycan sülh  müqaviləsinə imza atsın...

 Revanşist ermənilərin məlum kəndlər barədəki hay-küylərini ABŞ Dövlət katibi Entoni Blinkenin də, Avropa İttifaqının xarici əlaqələr və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi, Aİ Komissiyasının vitse-prezidenti Cozef Borrelin də bəyanatları puç və mənasız etdi. Onlar bəyan etdilər ki, Azərbaycanla Ermənistan arasındakı bütün tranzit yollar açılmalıdır. Ermənistan polisi revanşistlərə qarşı lazımı tədbirləri görür və bütün bu yersiz və mənasız etirazlara son qoymalıdır.  Paşinyan da Azərbaycan dövlətinin və beynəlxalq ictimaiyyətin haqlı tələblərini yerinə yetirməyə məcburdur. Hesab edirəm ki, biz tezliklə Qazağın işğal altındakı bütün kəndlərinin azad ediləcəyini də görəcəyik...

–   Bütün bu baş verənlər fonunda Rusiya sülhməramlı kontingentinin Azərbaycanın Yuxarı Qarabağ ərazisindən çıxarılmasına qərar verilməsinin əsas səbəblərini siz nələrdə görürsünüz?

–   O torpaqda heç bir statusu olmayan Rusiya sülhməramlılarının ərazimizdən çıxarılması hər şeydən əvvəl, Rusiya–Azərbaycan münasibətlərinin yüksək səviyyədə olması, həmçinin Rusiya rəhbərliyinin öz hərbçilərinin Qarabağda heç bir faydalı funksiya yerinə yetirməməsini aydın dərk etməsi ilə bağlıdır. Digər tərəfdən, Nikol Paşinyanın Qarabağı Azərbaycan torpağı élan etməsi də öz rolunu oynadı...

 Ümumiyyətlə, Rusiya hərbi kontingentinin Qarabağda hansı əsaslarla qalması məsələsi bütün dünyanı maraqlandırırdı. Rusiya hərbi kontingenti Qarabağda uzun müddət qalacağı halda,  Azərbaycan ərazisində Rusiya hərbi bazasına çevrilə bilərdi. Biz Rusiya sülhməramlılarını Azərbaycandan çıxarmaqla həqiqi suveren ölkə olduğumuzu dünyaya nümayiş etdirdik. Bura Türkiyənin də müşahidəçi funksiyasını yerinə yetirən, Ağdamdakı kontingentinin də çıxarılmasını əlavə etsək, biz faktiki olaraq heç bir ölkə ilə hərbi ittifaqda olmadığımızı dünyaya bəyan etmiş oluruq. Qarabağdan Rusiya qoşunlarının çıxarılmasının əsas səbəblərindən biri də Azərbaycan Ordusunun bölgədə ən güclü ordu olması ilə bağlıdır. Ən əsas səbəb kimi elə bu götürülməlidir...

–    Zəngəzur yolu ilə bağlı 4 ilə yaxındır davam edən proseslərin sonunu necə görürsünüz?

–   Zəngəzur dəhlizi işləməlidir. Mütləq işləməlidir. Bu dəhlizin işləməsində Rusiyanın və Türkiyənin iqtisadi marağı daha çoxdur. İkinci Qarabağ müharibəsinin geo-siyasi məqsədi də elə bu dəhlizin işləməsi ilə bağlı idi. Əgər 10 Noyabr üçtərəfli razılaşmasını diqqətlə oxusanız, görərsiniz ki, Azərbaycanın tranzit yollarının işləməsi əsas götürülür və anklavlar arasında yolların açılması da burada öz əksini tapmışdır...

 Zəngəzur dəhlizinin işləməsinə maneə ola bilən yeganə ölkə İran idi.  Zəngəzur dəhlizi onun Ermənistanla yolunu bağlayırdı. İranı Rusiya da, Türkiyə də sakitləşdirə bilmirdi. Azərbaycan-İran münasibətləri müharibə həddinə çatmışdı.  Eyni zamanda Zəngəzur dəhlizi Rusiya iqtisadiyyatı üçün dünya bazarına çıxış yoluna çevrilməli idi. Çin və Qazaxıstan Ukrayna müharibəsi nəticəsində bağlanmış  tranzit yollarının istiqamətini Azərbaycana, oradan İrana dəyişdirməklə İranın aqressiv ritorikasını dayandırdılar.  Belə ki, Qazaxıstan Prezidenti Kasım Jomart Tokayev Azərbaycana səfəri zamanı Çindən gələn qatarı Azərbaycanda qəbul edib, İrana yola saldı. Diqqətlə xəritəni öyrənsəniz, görərsiniz ki, bu dəhlizin işləməsi Çin, Qazaxıstan və İranın  xeyrinə idi. Rusiya və Türkiyə isə kənarda  qalmışdı. Ermənistana gəldikdə, ermənilər İranla bağlı bütün ümidlərini itirdilər. İranın Ermənistan tərəfində Azərbaycana qarşı müharibə edəcəyi fikirləri heçə döndü...

 İkinci  Qarabağ müharibəsinə sanksiya verən Rusiyanın məqsədi Zəngəzur tranzitinin işləməsi idi. Odur ki, Rusiya Prezidenti Vladimir Putin  Prezident İlham Əliyevi yenə də Moskvaya dəvət etdi. Bizə elə gəlir ki, son danışıqların da əsas predmeti məhz  Zəngəzur dəhlizinin işləməsi idi. Bu görüş inam verir ki, tezliklə bu  dəhlizin işlənməsi işində də Rusiya Azərbaycana dəstək olacaq. Bura hələ Türkiyəni də əlavə etsək, görərik ki, Çin, Qazaxıstan, İran, Türkiyə, Rusiya da  Zəngəzurun işləməsi üçün əllərindən gələni edəcəklər. Eyni zamanda, Moskva səfərindən sonra dünyaya bəlli oldu ki, Azərbaycanda keçən bütün tranzit yolların açarı Azərbaycan Prezidentinin əlindədir...

–   Ermənistandakı son proseslərdə erməni kilsəsinin rolunu necə qiymətləndirirsiniz?

–   Ermənistanda  həmişə ikihakimiyyətlilik olub və bu anda da davam edir. Bu ölkədə ən güclü siyasi qüvvə də elə Ermənistan kilsəsidir.  Ermənistanı yaradan və bütün dünya ermənilərini birləşdirən odur. Hazırda Paşinyan hakimiyyətinə qarşı çıxış edə bilən real qüvvə də odur. Bununla belə, Ermənistan kilsəsi faktiki olaraq Rusiyanın “5-ci kolon”u olduğundan, o da Paşinyana dəyməyəcək. Rusiya  Cənubi Qafqazda sülh istəyir...

–   Rusiyayönlü hesab edilən “Xarici agentlər haqqında qanun”a xalq etirazları baş verən Gürcüstan haraya doğru gedir?

–   Gürcüstan parlamentinin “Xarici agentlər haqqında qanun” siyasi reallıqlardan irəli gələn məsələlərdir. Bu qanun başqa ölkələrə agentlik edən yüksək məmurların və başqalarının iç üzünü açır. Belə qanun Azərbaycanda da qəbul edilməlidir. Belə olduqda kimin kim olduğunu xalq bilər.

Gürcüstanda etirazları təşkil edənlər elə  onu bu hala salan xarici agentlərdir. Onlara qoşulanlar isə aldadılmış xalqdır. Gürcüstanın inkişafını istəyənlər, ölkədə sabitliyi pozanların iç üzünü açmaq istəyirlər. Bu qanun gürcü xalqına da kimin kim olduğunu göstərəcək...

–   Sizcə, ölkə başçısı İlham Əliyevin Almaniyaya son səfəri Azərbaycana nə qazandırdı?

–   Bu səfər hər şeydən əvvəl, Azərbaycanın xarici siyasətinin ölkəmizin iqtisadi maraqları əsasında qurulduğunu göstərdi. Almanlara Zəngəzur dəhlizinin Ermənistan üçün də vacib olduğunu və onun iqtisadiyyatı üçün yeganə çıxış yolu olduğunu göstərdi.  Bu səfər, həmçinin Azərbaycanla Avropa Birliyi və əsasən  Fransa tərəfindən idarə olunan Ermənistanın torpaqları qaytaması və sülh sazişinin bağlanmasının vacib bir məsələ olduğunu ortaya qoydu. Ən əsası, bu yolla Çindən gələn yüklərin Azərbaycandan Türkiyəyə və oradan Almaniyaya  gedəcəyinin bu ölkə üçün  vacibliyi ortaya çıxdı. Almaniya iqtisadiyyatı üçün bu, vacib məsələlərindən biridir. Hamıya məlumdur ki, Almaniya konsernləri, zavod və fabriklərinin çoxu  bu saat Çindən gələn kompleksləşdirici materiallar əsasında işləyir.  Ukrayna yolu bağlı olduğundan Çindən gələn  təchizat materialları okean vasitəsi ilə həyata keçirilir. Bu isə Almaniya üçün çox baha başa gəlir. Odur ki, Azərbaycan tranzitinin işləməsi Avropa Birliyi ölkələrinin, xüsusən də Almaniyanın xeyrinədir...